bazar ertəsi 11 may 2026 - 16:44
Bəhreyn “İslam Əməl Cəmiyyəti” xalqı Əl-Xəlifə rejiminin cinayətlərinə qarşı etiraz aksiyalarına dəvət edib

Hövzə / “İslam Əməl Cəmiyyəti” Bəhreyn xalqını ölkə boyu açıq aksiyalar etməyə dəvət edərək, zülm və istibdada qarşı dinc milli fəaliyyətlərin genişləndirilməsini, həmçinin məhbuslar və onların ailələri ilə tam həmrəyliyin nümayiş etdirilməsini istəyib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Ramazan ayında baş vermiş müharibədən sonra Bəhreyndəki Əl-Xəlifə rejimi Bəhreyn şiələrinə qarşı repressiv tədbirləri daha da güclənib. Bəhreyn vətəndaşlarının həbs və işgəncəyə məruz qalması, onlarla bəhreynlinin vətəndaşlıqdan məhrum edilərək sürgün olunması diktator Əl-Xəlifə rejiminin repressiv siyasətinin tərkib hissəsidir.

Əl-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri ötən gün Bəhreynin müxtəlif bölgələrində şiə alimlərinin evlərinə vəhşicəsinə basqın edərək onlarla ruhani və din alimini həbs edib.

Bununla bağlı “Bəhreyn İslam Əməl Cəmiyyəti” bəyanat yayıb. Eləcədə ölkə daxilində və xaricində yaşayan bütün Bəhreyn xalqını Əl-Xəlifə rejiminin bu vəhşi addımına qarşı açıq qəzəblərini bildirməyə və etiraz aksiyalarına qoşulmağa çağırıb.

بسم الله الرحمن الرحیم

وَسَیَعْلَمُ الَّذِینَ ظَلَمُوا أَیَّ مُنقَلَبٍ یَنقَلِبُونَ
“Haqsızlıq edənlər qayıdacaqları yeri yaxın bir vaxtda biləcəklər.” (Şüəra surəsi 227)

“İslam Əməl Cəmiyyəti” bəyan edib ki, Əl-Xəlifə hakimiyyətinin muzdlu qüvvələrinin Bəhreyndə şiə vətəndaşların evlərinə terror xarakterli polis hücumunu ən sərt ifadələrlə pisləyir və bu vəhşi basqın nəticəsində böyük din alimləri, tanınmış ictimai simalar və Ayətullah Şeyx İsa Əhməd Qasimin (Allah onu qorusun) övladlarının təhlükəli intiqamçı davranışlarla hədəfə alınmasını hakimiyyətin siyasi və mənəvi iflasının göstəricisi hesab edir.

Bəyanatda qeyd olunub ki, Daxili İşlər Nazirliyinin yaydığı və İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) əlaqə, həmçinin bir düşüncə və etiqad olan vilayəti-fəqihlə bağlı əsassız ittiham və yalanlarla dolu olan açıqlama etiqadlı vətəndaşlara qarşı təcavüz üçün əsas sayıla bilməz. Bu addımlar şiələr, dini və milli liderləri hədəfə alan və illərdir davam edən kənarlaşdırma, sürgün və planlı məzhəbçilik siyasətini ört-basdır etmək üçün uğursuz cəhdlərdən başqa bir şey deyildir.

“İslam Əməl Cəmiyyəti” vurğulayıb ki, təkrarlanan bu ittihamlar Bəhreyn xalqını geri çəkilməyə məcbur etməyəcək. Alimlərin və dini liderlərin adlarının təhqir və media hücumları kampaniyalarına cəlb olunması Bəhreyn xalqının ləyaqətinə, dini etiqadlarına qarşı açıq təcavüz və ölkə daxilində, eləcə də xaricində milyonlarla azadlıqsevər insanın hisslərinin təhrik edilməsidir.

Bəyanatda bildirilib ki, Əl-Xəlifə hakimiyyəti evlərə basqın etməklə, qadın və uşaqları qorxutmaqla, alim və gəncləri həbs etməklə, normallaşdırma, repressiya, vətəndaşlıqdan məhrumetmə, deportasiya və işgəncə siyasətini davam etdirməklə xalqın iradəsini qırmağa çalışır və bütün qırmızı xətləri keçib.

“İslam Əməl Cəmiyyəti” bu təhlükəli gərginliyin bütün nəticələrinə görə Əl-Xəlifə hakimiyyətini səbəbkar hesab etdiyini bəyan edib və xəbərdarlıq edib ki, təhlükəsizlik və qanlı repressiya yolunun davamı milli qəzəbin artmasından, zalım hakimiyyətin süqutundan başqa nəticə verməyəcək. Bəyanatda qeyd olunub ki, keçmişdə müstəmləkəçilər qovulduğu kimi, ABŞ və sionistlərin himayədarları da qovulacaq və Bəhreyn möminlərin, müsəlmanların və azad insanların ölkəsi olaraq qalacaq.

Cəmiyyət bütün Bəhreyn xalqını ölkə boyu açıq milli etiraz nümayiş etdirməyə, zülm və istibdada qarşı dinc milli fəaliyyətləri genişləndirməyə, bütün məhbuslarla və onların ailələri ilə həmrəylik göstərməyə çağırıb. Həmçinin bütün məhbusların dərhal azad edilməsini, repressiv hücumların və məzhəbçi hədəfləmələrin dayandırılmasını tələb edib.

Bundan əlavə, “İslam Əməl Cəmiyyəti” beynəlxalq hüquq təşkilatlarını, BMT-ni və dünya ictimaiyyətini Bəhreyn xalqına, alimlərə və tanınmış dini simalara qarşı törədilən cinayətlər qarşısında utancverici sükutu pozmağa çağırıb.

Bəyanatın sonunda vurğulanıb ki, Bəhreyn xalqı repressiya və zorakılıq qarşısında  müqavimətini davam etdirəcək, qanuni hüquqlarına, ləyaqətinə və kimliyinə sahib çıxaraq zülmün süqutuna və azadlıqla ədalətin bərqərar olmasına qədər mübarizəsini davam etdirəcək.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha